DÜNYA
Misirin ekoloji layihəsi Qlobal Enerji Mükafatına layiq görülüb
Qahirə, 2 iyul, AZƏRTAC
Misirin BMT İnkişaf Proqramı və BMT Ətraf Mühitin Mühafizəsi Proqramının dəstəyi ilə hazırladığı “Köçəri quşların uçması” adlı layihə Qlobal Enerji Mükafatına layiq görülüb.
Misirin Ekologiya Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildiriblər ki, təbii sərvət hesab edilən köçəri quşların uçuş marşrutlarının qorunması üçün layihə Yeni və Bərpaolunan Enerji Departamenti və digər müvafiq təşkilatlarla birgə həyata keçiriləcək. Nazir Yasmin Fuadın sözlərinə görə, dünyada ən sanballı mükafatlardan birinə layiq görülməsi Misirin enerji resurslarının istifadəsi zamanı ətraf mühitin mühafizəsi üzrə gördüyü işlərə verilən yüksək qiymətdir. O əlavə edib ki, layihədə quşların bahar mövsümündə köçü zamanı külək enerjisi turbinlərinin fəaliyyətinin dayandırılması, bu yolla nadir quş növlərinin yoxa çıxmasının qarşısının alınması nəzərdə tutulur. Bu məqsədlə Ekologiya Nazirliyi enerji qurumları ilə birgə monitorinq aparacaq”.
Nazirlik bu layihənin regional miqyasda Şərqi palearktik və Qərbi ərəb quşlarının uçuş marşrutlarının qorunması, biomüxtəlifliyin təmin edilməsi məqsədilə minlərlə köçəri quşun Şərqi Avropa və Yaxın Şərqdə qışlama dövrünü keçirməsi baxımından mühüm olduğunu bildirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə