ELM VƏ TƏHSİL
Misirli alim: Elmi əməkdaşlıq hər iki institut üçün faydalı olacaq
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının Neft Tədqiqatları İnstitutunun (MNTİ) nümayəndələri ilə görüş keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyəti, əsas tədqiqat sahələri, beynəlxalq əlaqələri və s. haqqında məlumat verib. Akademik qonaqlara institutda okeanologiya sahəsində görülən işlərdən də danışıb.
MNTİ-nin direktoru, professor Əhməd Məhəmməd Əl-Sabah rəhbərlik etdiyi institut barədə məlumat verib. Misirli alim diqqətə çatdırıb ki, elmi əməkdaşlıq hər iki institut üçün faydalı olacaq.
Sonra tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Yekunda hər iki elmi müəssissə arasında okeanologiya sahəsində layihə və proqramlarının həyata keçirilməsi, o cümlədən doktorantların hazırlanması, akademik və tələbə mübadiləsi haqqında anlaşma memorandumunun imzalanması qərara alınıb.