ELM VƏ TƏHSİL
Misirli rektor Azərbaycan İlahiyyat İnstitutunun məqsəd və hədəflərini yüksək qiymətləndirib
Bakı, 1 oktyabr, AZƏRTAC
Misirin Nahda Universitetinin rektoru Muhəmməd Husam əd-Din Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə tanış olub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, rektor Ceyhun Məmmədov ölkələrimiz arasında dostluq münasibətlərindən danışaraq Azərbaycan-Misir əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. C.Məmmədov ölkəmizdə yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkəmizdə din sahəsinə, milli mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir. Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında danışan rektor müsəlman ölkələri, o cümlədən ərəb ölkələri ilə təcrübə mübadiləsi imkanlarını nəzərə çatdırıb.
Nahda Universitetinin rektoru Azərbaycanda İlahiyyat İnstitutunun yaradılmasını böyük məmnunluqla qarşıladığını qeyd edib. Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən Muhəmməd Husam əd-Din instituta fəaliyyətində uğurlar arzulayıb. O, Nahda Universiteti haqqında ümumi məlumat verib, Aİİ ilə əlaqələrin təşkili, təcrübə mübadiləsi, ərəb dili üzrə tədrisin təkmilləşdirilməsi, müasir ərəb dilinin tədrisi ilə bağlı birgə fəaliyyət məsələlərinə toxunub. Eyni zamanda, Nahda Universitetində də Azərbaycan dilinin tədris ediləcəyini bildirən rektor ölkələrimiz arasında tarixi əlaqələrdən danışaraq Azərbaycanı özünə yaxın hiss etdiyini, xalqlarımız arasında ortaq adət-ənənələrin olduğunu deyib. Daha sonra vurğulayıb ki, xalqımız görkəmli şəxsiyyətlərinə böyük diqqət və qayğı göstərir və bu, gənc nəslə bir örnəkdir.
Görüşdə Nahda Universitetinin rektoru C.Məmmədovu Misirə rəsmi səfərə dəvət edib. İki təhsil müəssisəsi arasında ən yaxın zamanda əməkdaşlığın yaradılması da qərara alınıb.