İDMAN
Mixael Şumaxer Lozannadakı xəstəxanadan evə buraxılıb
Xatırladaq ki, Mixael Şumaxer keçən il dekabr ayında dağda xizək sürərkən başından aldığı ciddi xəsarətə görə xəstəxanaya yerləşdirilib.
“RİA Novosti” agentliyi avtoyürüşçünün meneceri Sabina Keminin bu sözlərini sitat gətirir: “Mixael Şumaxerin reabilitasiyası evdə davam etdiriləcək. O son həftələr və aylar ərzində çox şeyə nail olub, lakin onu qarşıda uzun və çətin yol gözləyir. Biz klinikanın çalışqan və savadlı heyətinə təşəkkür etmək istəyirik. Şumaxerin ailəsinin şəxsi həyatına hörmətlə yanaşmağı və onun sağlamlığı mövzusu ilə bağlı möhtəkirlikdən çəkinməyi xahiş edirik”.
Zədələndiyi gündən 6,5 ay müddətində (iyun ayının sonuna qədər) Qrenobldakı xəstəxanada koma vəziyyətində olmuş Şumaxer iyun ayının sonunda Lozannadakı reabilitasiya klinikasına köçürülüb. Sonra Şumaxerin xanımı Korinna avtoyürüşçünün vəziyyəti tədricən yaxşılaşdığını bildirib.
AZƏRTAC xəbər verir ki, Mixail Şumaxer ümumilikdə 254 gün xəstəxanalarda qalıb.
Bazeldəki reabilitasiya klinikasının baş həkimi Mark Mader bildirib ki, Şumaxer kimi xəstələrin ev şəraitində müalicəsi “münasibdir”, hərçənd, ona qulluq etmək ailəsi üçün asan olmayacaq.
“Formula 1” yarışların əfsanəvi pilotu Şumaxerin evi Lozanna yaxınlığında, Cenevrə gölünün sahilində yerləşir.