SİYASƏT
Moldovalı deputat: Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum qəbuledilməzdir
Kişineu, 27 yanvar, AZƏRTAC
Moldova parlamentinin deputatı Vitali Jakot Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib.
Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Vitali Jakot AZƏRTAC-a məxsusi açıqlamasında bildirib ki, son altı ayda Azərbaycanın London, Paris, Vaşinqtondakı səfirliklərinə hücumlar edilib. Bu dəfə isə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın oldu.
“Moldova xalqı və Moldova hökuməti adından bu gün Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu, nəticədə diplomatik missiya üzvlərindən birinin həlak olmasını, digər ikisinin isə yaralanmasını qəti şəkildə pisləyirik. Bu, Moldova hakimiyyətinin dərin narahatlığına səbəb olan qəbuledilməz haldır. Azərbaycanlı həmkarlarımıza, eləcə də mərhumun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz Azərbaycan xalqını və dost ölkənin hakimiyyət orqanlarını Moldova xalqının hərtərəfli dəstəyinə və köməyinə əmin edirik”, - deyə deputat əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu