İDMAN


Montsa F1Qran-Prisini daha beş il qəbul edəcək

Bakı, 5 sentyabr, AZƏRTAC

Böyük insan kütləsinin toplaşdığı Milanın mərkəzi meydanında “Ferrari” komandasının və Montsa avtodromunun 90 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, bu tarixi trasla 2024-cü ilədək kontraktın uzadılmasının rəsmən elan edilməsi də məhz bu əlamətdar hadisələrə həsr olunub.

Formula 1-in icraçı direktoru Çeyz Keri və İtaliya Avtomobil Federasiyasının prezidenti Anjelo Stikki Damiani canlı yayımda kontraktı imzalayıblar. Bildirilib ki, bu sənəd həm avtomobil idmanı, həm də dünya çempionatı üçün böyük əhəmiyyət kəsb edir.

Meydana toplaşanların alqışları altında çıxış edən Keri deyib: “Mən bu tədbirdə iştirak etməyimdən çox məmnunam. Biz indicə Montsa ilə kontraktı daha 5 il müddətinə uzatdıq və bunu elan etmək üçün indiki tədbirdən münasib bir məqam tapmaq mümkün deyildi.

Biz həqiqətən də İtaliya Avtomobil Federasiyası ilə razılıq əldə olunmasına çox sevinirik. İtaliya Qran-Prisinin Formula 1 təqvimində 2024-cü ilə qədər qalması bizi çox sevindirir. Montsa dedikdə azarkeşlərin ağlına tarix, sürət və ehtiras kimi anlayışlar gəlir. Bu Qran-Pridə təkrarolunmaz ab-hava var və podium da digərlərindən fərqlidir.

Mən İtaliya Avtomobil Federasiyasına, xüsusən onun prezidenti Anjelo Stikki Damianiyə göstərdikləri səylərə görə təşəkkürümü bildirirəm. Axı, qarşıdakı 5 il üçün nəzərdə tutulmuş kontrakt o deməkdir ki, Formula 1-in gələcəyinin qurulduğu pazlın daha bir elementi yaradılıb.

Formula 1 çempionatının qlobal miqyasda 1 milyarda yaxın azarkeşi var. Biz bu yarışları dünyanın 21 müxtəlif ölkəsinin avtodromunda keçiririk. Lakin Montsa həmişə unikal trass olub və bu gün də belədir. İtaliyalı azarkeşləri də heç kimlə müqayisə etmək olmaz. Beləliklə, biz bu uik-end zamanı Montsada yenidən ucu-bucağı olmayan qırmızı rəngləri görməyə ümid edirik”.

Bayram tədbirində “Ferrari” komandasının müxtəlif yaş qruplarından olan pilotları, o cümlədən Arturo Mertsario, Rene Arnu, Mario Andretti, Herhard Berger, Eddi İrvayn, Felipe Massa və Kimi Raykkone iştirak ediblər. Bu mövsümdə İtaliya komandasında çıxış edəcək pilotlar Sebastyan Fettel və Şarl Lekrel meydana toplaşanlar tərəfindən alqışlarla qarşılanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.