ORDU
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsindəki hərbi hissələrdə tikinti-quruculuq işləri ilə tanış olub
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov cəbhəboyu rayonlarda yerləşən hərbi hissə və birləşmələrdə aparılan tikinti-quruculuq işlərini yoxlayıblar.
Nazirliyin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsindəki hərbi şəhərciklərdə aparılan tikinti və quruculuğun gedişatını yoxlayıb, görülən işlərlə yaxından tanış olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qərargah, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərcikləri, avtopark, sıra meydanı, yeməkxanalar, əsgər klubu, tibb məntəqəsi, idman meydançası, qazanxana, camaşırxana və hamamxana kompleksləri, transformator yarımstansiyası və eləcə də tikinti gedən digər obyektlərdə olan Zakir Həsənov müvafiq tapşırıq və tövsiyələrini verib.
Müasir tələblər çərçivəsində yenidən qurulan hərbi şəhərciklərdə zəruri hərbi infrastrukturlarla yanaşı, yüksək standartlara cavab verən, bütün məişət şəraiti ilə təmin edilən, həmçinin ailəli hərbi qulluqçuların sosial-məişət ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də subay zabit və gizirlər üçün yataqxana komplekslərinin tikilməsi də nəzərdə tutulub.
Görülən işlərin gələn il başa çatdırılması planlaşdırılır.