SİYASƏT
Münxendə Qarabağla bağlı panel müzakirələri Ermənistanın baş naziri üçün beynəlxalq ictimaiyyət qarşısında sonun başlanğıcı oldu
Bakı, 14 fevral, AZƏRTAC
Münxendəki tarix və siyasət dərsindən bir il keçir. Hər kəsin, o cümlədən dünya mediasının fəal şəkildə izlədiyi, Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana tarix və siyasətdən dərs dediyi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş panel müzakirələrindən bir il ötür. Əgər bu müzakirə tarixə Ermənistan baş nazirinin biabırçı vəziyyətə düşməsi, peşəkar siyasətçilər arasında yerinin olmaması, diplomatik etiket qaydalarını bilməməsi, ən əsası, müzakirə olunan mövzu ilə bağlı faktlarda tamamilə fiaskoya uğraması ilə düşdüsə, Azərbaycanın dövlət başçısının regionun tarixini və mədəniyyətini kifayət qədər dərindən bilməsi, müdrik siyasi xadim və peşəkar diplomat olması, Azərbaycanın bu problemin həlli istiqamətində mövqeyinin açıq və sərt şəkildə ortaya qoyması və müdafiə etməsi ilə yadda qaldı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.
Deputat deyib ki, bu müzakirələr Ermənistanın baş naziri üçün beynəlxalq ictimaiyyət qarşısında sonun başlanğıcı oldu. Şuşada təlxəklik edərək Ermənistanın daxili auditoriyasına nəyisə sübut etməyə çalışan Paşinyan Münxendəki debat zamanı da siyasi təlxək vəziyyətinə düşdü. Artıq müzakirələrdən bir il vaxt keçir. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi və şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində ölkəmiz ərazi bütövlüyünü bərpa edib. Prezident İlham Əliyevin Münxendəki qətiyyətli mövqeyi əməldə öz yerini tapıb. Biz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdik. Bizim mövqeyimiz haqlı idi. Bizim heç kimin ərazisində gözümüz yox idi. Biz, sadəcə olaraq, ədalətin bərpasını istəyirdik. Prezident İlham Əliyev də dediyi kimi, biz beynəlxalq təşkilatların etməli olduğu işi öz gücümüzə həll etdik.
“Artıq münaqişə həll olunub. Münaqişənin həlli regionun mənzərəsini dəyişib və yeni reallıqlar yaradıb. Ümid edirəm ki, Ermənistan bu reallıqları başa düşəcək və keçmişdəki səhvlərini təkrar etməyəcək. Çünki artıq Azərbaycan 1990-cı illərdəki zəif dövlət deyil. Onun güclü rəhbəri, möhkəm iqtisadiyyatı, şanlı Ordusu var. Hər hansı kiçik səhv Ermənistanın dövlət kimi mövcudluğunu sual altına sala bilər”, - deyə deputat vurğulayıb.