Müqəddəs qayalıqlara ögey münasibət
Bakı, 24 yanvar, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycan ərazisi relyefinin mürəkkəbliyi, müxtəlifliyi və cəlbediciliyi ilə fərqlənir. Geniş, hamar düzənliklər və onun səthində ucalan təpələr dağlarda sıldırım yamaclar, geniş dərələr, kanyonlar, qayalıqlar, buludları yarıb keçən zirvələr, yeraltı mağaralar və s. ilə əvəz olunur. Relyefin bu möhtəşəm görüntülərinin, formalarının çox mühüm turizm-rekreasiya potensialı mövcuddur. Xalqımız qeyri-adi görünüşə malik qayaları, zirvələri müqəddəs hesab edib və hətta onların bəzilərini ziyarətgaha çevirib. Məsələn: Qobustan qayalıqları, Beşbarmaq qayaları, Babadağ ziyarətgahı, Gəmiqaya qayalıqları və s. Bu cəhətdən Abşeron yarımadasının relyefi çox zəngin turizm potensialına malikdir.
Bu barədə AZƏRTAC-a coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov məlumat verib.
“Goradil-Nardaran, Bilgəh-Buzovna, Şüvəlan-Dübəndi, Abşeron mayak, Bibiheybət sahilləri, bundan başqa, yarımadanın daxili hissələrində Biləcəri, Ceyhan-Bağca, Badamdar və s. göstərə bilərik. Abşeronda bəzi qayalıqlara ögey münasibət, düşünülməmiş insan müdaxiləsi onların səthində, formasinda min illər boyu formalaşmış təbii ekosistemin gözəlliyinin, tarazlığının, cəlbediciliyinin tamamilə pozulmasına və sonda məhv olmasına səbəb olub. Abşeronun belə qayalıqlarından biri də Buzovnanın nadir quruluşa malik qayalıqlarıdır. Buradakı qayalıqlarda qədimdən qədim Abşeron əhalisinin inancı, düşüncəsi, həyat tərzi, psixologiyası dərin izlər qoyub. Buzovnada yerləşən müqəddəs “Əli ayağı” ziyarətgahının yaranması da xalqımızın bu qayalıqlara olan dərin inancı ilə bağlıdır. Maraqlıdır ki, Bakı şəhəri ətrafında yerləşən Zığ qəsəbəsindəki “Əli ayağı” piri də Seyhan-Bağca qayalıqlarına aiddir”, - deyə alim bildirib.
Onun sözlərinə görə, arasdırmalar zamanı məlum olub ki, Buzovna qayalıqları bu yaxınlara kimi ayrı-ayrı vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilib. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə 2022-ci ilin iyun ayından sonra qayalıqlardakı tikintilər sökülür. Buradakı qayalıqlar şairlərimizin, mədəniyyət nümayəndələrinin ilham mənbəyi olub. Bir sıra kino sənəti inciləri, kliplər, sənədli filmlər Buzovna qayalıqlarında çəkilib. Aparılan tədqiqatlar nəticəsində Buzovna qayalıqlarında mağaralar, sığınacaqlar, qayaüstü təsvirlər və s. aşkar edilib və qayalıq relyefin morfometriyası haqqında zəngin məlumat toplanılıb.