CƏMİYYƏT
Mürəkkəb və riskli əməliyyat nəticəsində xəstənin beynində yaranmış iri şiş uğurla xaric edilib
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mürəkkəb beyin əməliyyatı icra olunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 42 yaşlı xəstə ciddi baş ağrıları və sol gözdəki zəifliklə bağlı müraciət edib.
Klinikanın neyrocərrahiyyə şöbəsinin müdiri, assistent Fərid Qaralov deyib: “Xəstə hərtərəfli müayinə edilib, beynin MRT-si və görmə testi aparılıb. Aparılan müayinələr nəticəsində sol sfinoid qanadda - sol əsas sümüyün qanadında böyük həcmli törəmə aşkarlanıb və onun götürülməsi üçün xəstənin əməliyyat olunması barədə qərar verilib”.
Böyük risk altında aparılan əməliyyat zamanı damar zədələnməsi ehtimalı və görmə sinirinin qopması kimi təhlükələri olub. Lakin 5 saata yaxın davam edən əməliyyat uğurla nəticələnib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir, 4 gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılacaq.