SİYASƏT
Murmanskda Milli Qurtuluş Günü qeyd olunmuşdur
Bakı, 16 iyun (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Murmansk üzrə regional bölməsi Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirmişdir.
Tədbirdə Azərbaycan diasporunun nümayəndələri - idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalıların, gənclərin nümayəndələri və KİV-lərin təmsilçiləri iştirak etmişlər.
Tədbir ümummilli lider Heydər Əliyevin şanlı həyat yolunun müxtəlif məqamlarını əks etdirən “Xalqı yalnız o, xilas edə bilərdi...” adlı fotoxronika kadrlarının nümayişi ilə başlanmışdır.
ÜAK-ın regional bölməsinin idarə heyətinin üzvü, iqtisadçı Amil Vəliyev demişdir ki, dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu xalqa və Vətənə xidmətin rəmzidir. Məhz onun rəhbərliyi dövründə Azərbaycan Sovet İttifaqının inkişaf etmiş respublikalarından birinə çevrilmişdir. Ötən əsrin 70-ci illəri Azərbaycan tarixində tərəqqi dövrü kimi yadda qalmışdır.
Sonra o, SSRİ Nazirlər Sovetinin rəhbərlərindən biri olmuş, Azərbaycanın inkişafı üçün mühüm qərarlar qəbul etmişdir. Lakin o, vəzifədən kənarlaşdırıldıqdan sonra ölkəmiz müxtəlif problemlərlə üzləşmiş, Dağlıq Qarabağda separatçı meyillər güclənmişdir. Ulu öndər hakimiyyətə qayıdışından sonra Azərbaycanı parçalanmaqdan xilas etmiş, dövlətçiliyimizi qoruyub saxlamışdır. Bu böyük insanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onun xidmətlərinin miqyasını hamı başa düşür. Məhz buna görə Azərbaycanın Milli Qurtuluş Gününü bayram edirik.
ÜAK vilayət bölməsi sədrinin müavini, Murmansk vilayəti İctimai Palatası üzvünün köməkçisi Vüsal İbrahimov demişdir: “Ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı zamanın və xalqın tələbi idi. Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, o dövrdə Azərbaycanın müstəqilliyi itirilə bilərdi. 1993-2003-cü illər Azərbaycan tarixində sabitlik və inkişaf dövrü kimi qalmışdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirmişdir ki, müstəqillik Azərbaycanın ən böyük sərvətidir. Bu gün inkişaf etməkdə və güclənməkdə olan Azərbaycan Heydər Əliyevin xatirəsinə ehtiramın ən böyük təsdiqidir. Biz bu yolla irəliləyəcəyik, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayacaqdır. Biz bu yoldan dönməyəcəyik və Heydər Əliyevin siyasətinə həmişə sadiq qalacağıq”.
Tədbir iştirakçıları müstəqil Azərbaycanın təşəkkülündə Heydər Əliyevin xidmətlərini vurğulayaraq bildirmişlər ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir. Əsası ulu öndər tərəfindən qoyulmuş işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin rəsmi hissəsinin sonunda ÜAK vilayət bölməsinin idarə heyətinin üzvü Əli Məmmədhüseynoğlu çıxış edərək demişdir ki, bu günlər Rusiyanın ən gözəl bayramlarından biri - Rusiya günü qeyd edilir. İndi bu bayram azadlıq, vətəndaş sülhü və bütün insanların qanuna və ədalətə söykənən həmrəyliyi günüdür. Bu bayram milli birliyin, Rusiyanın bu günü və gələcəyi naminə ümumi məsuliyyətin rəmzidir.