CƏMİYYƏT


Müşfiqabad qəsəbəsində Anım Günü ilə əlaqədar 1000-dən çox ağac əkilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 Sentyabr Anım Günü ilə əlaqədar Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin nümayəndələrinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının, şəhid ailələrinin, müharibə iştirakçılarının, hərbçilərin iştirakı ilə keçirilən tədbirdə 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.

Şəhidlərimizin əziz xatirəsi bölgələrimizdə də ağacəkmə tədbirləri ilə anılıb və hər bölgənin iqlim şəraitinə uyğun nazirliyin tinglik sahələrində yetişdirilən tinglər əkilib.

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov iki il əvvəl sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə başladılan əks-hücum əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini və minlərlə gəncin bu yolda öz canını fəda etdiyini diqqətə çatdırıb: “44 günlük Vətən müharibəsində şanlı Zəfərin əldə edilməsinin səbəbkarları olan şəhidlərimiz ölkənin hər bir yerində müxtəlif tədbirlərlə yad edilir. Biz də canını qurban verən qəhrəmanların xatirəsini əziz tutaraq ağacəkmə aksiyasında iştirak etdik. Vətən uğrunda canını fəda edənlər unudulmayacaq, onların şücaəti, qəhrəmanlığı nəsildən-nəsilə ötürüləcək. Azad edilmiş ərazilərimizə geri dönməyimizlə də şəhidlərimizin ruhunu şad edirik”.

Şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, şəhid Səxavət Abbasovun anası Maisə Abbasova sentyabrın 27-ni Zəfər Gününün başlanğıcı, Qarabağa qayıdış günü adlandırıblar. Şəhid anaları öz övladları ilə fəxr etdiklərini, onların adına ağac əkdiklərini və bununla şəhidlərin ruhunu yaşatdıqlarını qeyd ediblər.

Qazi Adil Baladadaşov isə deyib: “Vətən müharibəsində çox ağrı-acılı günlər, çətinliklər yaşasaq da, canımızdan əziz qardaşlarımızı itirsək də, yolumuzdan dönmədik. Mübarizəni sonacan davam etdirib Qələbə qazandıq. Bu gün əkdiyimiz ağacları şəhid qardaşlarımıza həsr edirik. Ağaclar böyüdükcə, ətraf gözəlləşdikcə onların ruhu da sevinəcək. Çünki onlar ərazi bütövlüyümüzün bərpası, Vətənimizin hər bir yanında əmin-amanlıq olması, ölkəmizin çiçəklənməsi naminə canlarını qurban verdilər. Şəhid qardaşlarımızın ruhu qarşısında söz veririk ki, hər addımımızda onların əziz xatirəsini yaşadacağıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.