CƏMİYYƏT


Mütəxəssis: Başağrısı müayinə və müalicə tələb edən ayrıca bir xəstəlikdir

Mütəxəssis: Başağrısı müayinə və müalicə tələb edən ayrıca bir xəstəlikdir

Bakı, 7 fevral, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyyə Məmmədova başağrıları, onun simptomları, miqrenin müalicəsi və s. nevroloji problemlərlə əlaqədar sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Mərziyyə xanım, bilmək istərdik ki, müraciət edən xəstələr ən çox hansı növ başağrılarından şikayətlənirlər?

- Bəlkə də dünyada elə insan yoxdur ki, həyatında heç olmasa bir dəfə başı ağrımasın. Əsasən başağrıları başın birtərəfli, yaxud ikitərəfli nəbzvari, deşici ağrısı ilə, başın gicgah, təpə, ənsə nahiyələrində olan sıxıcı, basıcı ağrıları, başın üz nahiyəsində olan müxtəlif xarakterli ağrılar ilə, eləcə də ürəkbulanma, başgicəllənmə, halsızlıq, iylərə, işığa, səsə qarşı həssaslıq şikayətləri ola bilər. Bu şikayətlərə və ətraflı anamnezə (xəstəlik tarixçəsi) əsasən başağrısı üzrə ixtisaslaşmış nevroloqlar düzgün diaqnoz qoya bilər. Bəzən başağrılarının səbəbi olmur, burada daha çox ətraf mühit və yaxud genetik faktorlar rol oynaya bilər. Belə başağrıları birinci başağrıları adlanır. Həmin diaqnozu təsdiq etmək üçün nevroloq mütləq müvafiq instrumental və laborator müayinə metodlarını seçə bilər ki, bu zaman ikincili səbəblər, yəni ikincili başağrısı inkar edilsin. Amma xəstələr unutmamalıdır ki, başağrısı müayinə və müalicə tələb edən ayrıca bir xəstəlikdir.

- Başağrıları hansı xəstəliklərin simptomları ola bilər?

- Birincili başağrısının ən sıx yayılmış növü gərginlik tipli başağrıları, miqren və müxtəlif sefalalgiyalardır. Gərginlik tipli başağrılarının əsas simptomları kəllənin ətrafında yayılmış basıcı, sıxıcı ağrılardır, onlar adətən ümumi məişət aktivliyinə çox təsir etmir. Miqren başağrılarının isə aura ilə müşayiət olunan və olunmayan növləri var. Aura adətən başağrılarından əvvəl başlaya və qısa müddətdən sonra başağrısına keçə bilər. Bu zamanı xəstələrin gözlərində qığılcımlar, parlaq işıqlar, qoxu və səs hallüsinasiyaları, üzdə və ətraflarda qarışqa gəzintisinə bənzər və keyləşmə kimi hissiyyat pozuntuları müşahidə edilir. Miqren zamanı başağrı yüngüldən çox şiddətli ağrılara qədər arta, davamlı, yaxud tutma şəkilli, bəzən isə günlərlə çəkə bilər. Dayanmadan olan başağrıları “miqreniz status” adlanır və təcili tibbi yardım tələb edir.

Sefalalgiyalar zamanı deşici və həddən artıq şiddətli ağrılar ola və əzab verə bilər.

- Miqrenin yaranma səbəbi nədir və xəstəliyin müalicəsi varmı?

- Hazırda miqrenin tam yaranma səbəbinin araşdırılması üzərində aktiv tədqiqatlar gedir. Ən çox yayılmış nəzəriyyələrdən biri beyin damarlarının spazmı ilə əlaqəli olduğuna əsaslanır. Əlbəttə ki, irsi meyillilik mövcuddur, xüsusilə qadınlar arasında daha çox rast gəlinir. Bu səbəbdən valideynlər əgər başağrılardan əziyyət çəkirsə, yüksək ehtimal ilə onların övladlarında da hansısa bir başağrı növü qeyd edilə bilər.

Başağrılarının müalicəsində medikamentoz müalicə ilə yanaşı, həm də qeyri-medikamentoz müalicə üsullarından da istifadə olunur. Qeyri-medikamentoz müalicə üsulunda əsasən həyat tərzinin dəyişdirilməsi tövsiyə olunur. Belə ki, sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə gündəlik iş rejiminin, səmərəli qidalanmanın, normal yuxu rejiminin böyük təsiri var.

Medikamentoz müalicə isə kəskin başağrılarının idarəedilməsi və preventiv metodlardan ibarətdir. Kəskin başağrıları zamanı müxtəlif ağrıkəsicilərdən istifadə edilir. Dərmanların əksəriyyəti reseptsiz buraxıldığı üçün xəstələr asanlıqla apteklərdən əldə edə bilirlər. Ağrılar dözülməz olanda preventiv müalicə təyin edilir. Burada xüsusi və yalnız reseptlə buraxılan dərmanlar qeyd olunur.

- Dəyişkən hava şəraiti başağrısına səbəb ola bilər?

- Meteohəssaslıq adlanan bu vəziyyət ümumi mərkəzi sensitivlik sindromlarına aiddir. Həmin sindromlar siyahısına, həmçinin miqren ağrıları da aiddir. Bu zaman sindromdan əziyyət çəkənlərdə normadan artıq həssaslıq müşahidə olunur. Eyni zamanda, müxtəlif qıcıqlar, ətraf mühitdə baş verən dəyişikliklər və stresə qarşı reaksiya çox olur.

- Bəzən insanlar başağrısı üçün aptekdə olan adını belə bilmədikləri ağrıkəsiciləri alıb içirlər. Bu, nə dərəcədə doğrudur?

- Bu, tamamilə yanlış addımdır, çünki həkim təyinatı olmadan satılan dərmanların həddindən artıq istifadəsi əslində əks təsirə səbəb ola bilər, yəni, başağrıları daha da güclənə bilər. Belə xəstələri müalicə etmək çətindir, çünki onlar minimal ağrı olanda da dərhal dərman alıb içirlər. Lakin əsas diqqət yetirilməli səbəbləri isə aradan qaldırmırlar.

Belə xəstələr mütləq maarifləndirilməli və preventiv uzunmüddətli müalicəyə alınmalıdılar. Əlbəttə ki, həkimin tövsiyələrinə riayət edən şəxslərdə uzunmüddətli remissiya əldə etmək olur və ağrıların intensivliyi və şiddəti azalır, yaxud uzun illər özünü büruzə vermir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.