REGİONLAR
Muxtar respublikada 2021-2025-ci illərdə əhalinin məşğulluğunun artırılmasına həsr olunmuş Dövlət Proqramı qəbul edilib
Naxçıvan, 28 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 28-də “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, proqramın məqsədi əhalinin məşğulluğuna yönəldilən tədbirlərin davamlılığına nail olunması, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin edilməsi, əmək bazarında real vəziyyətin təhlil edilməsi və tələbata uyğun kadr hazırlığının aparılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsidir.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Həmin proqramın icrası nəticəsində muxtar respublikada 12 min 479 yeni iş yeri açılıb, 14 min 699 işaxtaran mövcud vakansiyalar üzrə işlə təmin edilib, əmək bazarının tələbinə uyğun olaraq təşkil olunan peşə kurslarını 16 min 602 nəfər bitirib. Sosial cəhətdən həssas əhali qruplarının məşğulluqda iştirak payı da yüksəldilib, özünüməşğulluq proqramına 595 ailə cəlb edilib. Yeni iş yerlərinin yaradılması üçün sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdirilib, 381 yeni istehsal və xidmət sahələri yaradılıb.