REGİONLAR
Muxtar respublikada əhalinin özünüməşğulluğunun təmin edilməsi istiqamətində işlər uğurla davam etdirilir
Naxçıvan, 30 iyul, AZƏRTAC
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlərin icrası davam etdirilir.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə həyata keçirilməsinə başlanılan proqramın icrası ilə əlaqədar iyul ayında muxtar respublika üzrə ümumilikdə 18 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 14 nəfərə yanında balası olan iribuynuzlu, 2 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə mini yerşumlayan aqreqat və 1 nəfərə isə dərzi avadanlıqları verilib. Proqrama cəlb olunan şəxslərdən 2 nəfəri gəncdir.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb.
Nazir bildirib ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub. Bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.
Daha sonra proqrama cəlb edilmiş sakinlərə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.
Qeyd edək ki, verilmiş aktivlərdən səmərəli şəkildə istifadə olunmasının stimullaşdırılması məqsədilə ötən dövr ərzində təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirən Şərur rayon Dəmirçi kənd sakini Həsən Həsənova südsağan aqreqat, Sədərək rayonu Sədərək kənd sakini Sahib Qeybalıyevə isə arpa-buğda qıran aparat verilib. Nazirlik tərəfindən bu kimi həvəsləndirici tədbirlər davam etdiriləcək.