REGİONLAR


Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb

Naxçıvan, 23 aprel, AZƏRTAC

Muxtar respublikada 2019-cu ilin yanvar-mart aylarında bir il öncəyə nisbətən 2,4 faiz çox, yəni 28 milyon 530 min 100 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2019-cu ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 6 min 224,9 ton ət, 12 min 833,8 ton süd istehsal edilib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 və 2,3 faiz çoxdur.

Bu il aprelin 1-nə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 121 min 230 baş, qoyun və keçilərin sayı 754 min 918 baş olub ki, bu da bir il öncəki tarixə olan göstəriciləri 1,6 və 1,8 faiz üstələyib.

Cari ilin ilk rübündə muxtar respublikadan 12 milyon 122 min 900 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.

Muxtar respublikada meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılıb, Kəngərli rayonunun Yurdçu kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi hazırda davam etdirilir.

Kəngərli rayonunun Qabıllı kəndində subartezian quyusunun tikintisi başa çatdırılıb, Şərur rayonunun Danyeri kəndində nasos stansiyasının tikintisinə başlanılıb.

Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində də tədbirlər görülüb, cari ilin ilk rübündə 107,8 hektar sahədə meşəsalma və meşə-bərpa işləri aparılıb, 63 min ağac və gül kolu əkilib.

Muxtar respublikada ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda Su monitorinq laboratoriyası yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.