REGİONLAR
Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir
Naxçıvan, 23 oktyabr, AZƏRTAC
2019-cu ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində istirahət parkının tikintisi başa çatdırılıb, iki qərargah binasının, hərbi zavodun, mərkəzi hərbi xəstəxananın, əsgər yataqxanasının tikintisi hazırda davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Babək rayonunda iki əsgəri-məişət kompleksi, bir anqar istifadəyə verilib, iki qərargah binasının, iki anqarın, start komanda, yanacaqdoldurma, texniki qulluq, texnikaların yuyulması, texniki nəzarət, təmir və texniki xidmət məntəqələrinin, avtomobil saxlancının tikintisi davam etdirilir.
Culfa rayonunda Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib, retranslyasiya məntəqəsinin tikintisi davam etdirilir.
Şahbuz rayonunda üç anqarın, Sədərək rayonunda tabor mərkəzinin tikintisi davam etdirilir.
Kəngərli rayonunda hərbi hissədə zabit-gizir ailələri üçün 44 mənzilli yeni yaşayış binası istifadəyə verilib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.
Şərur rayonunda Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektlərinin və 3 saylı Sərhəd dəstəsi binasının tikintisi davam etdirilir.