REGİONLAR
Muxtar respublikada torpaq sahələrinin plana alınması və xəritələşdirilməsi davam etdirilir
Naxçıvan, 5 iyun, AZƏRTAC
Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən cari ilin may ayında da diqqətdə saxlanılıb.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, torpaqların elektron uçotunun aparılması məqsədilə Sədərək rayonunda planaalma işləri davam etdirilib, ay ərzində 1273 daşınmaz əmlak obyekti plana alınıb. Şərur rayonunun 23 bələdiyyəsinin xəritəsi və yerquruluşu sənədlər qovluğu hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Duzdağ duz mədənlərinin ərazisi xəritələşdirilib, hazırlanmış xəritə və planlar nəşr olunub. Muxtar respublikanın bütün şəhər və rayonları üzrə suvarılan torpaq sahələrinin xəritələri hazırlanıb. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Babək rayonunun Cəhri kəndində monitorinqlər davam etdirilib, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində iş aparılıb.
May ayında 415 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 370 texniki sənəd hazırlanıb, yeni yaranmış 13 daşınmaz əmlak obyektinə ünvan verilib, 43 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 7 yaşayış məntəqəsində 47 vətəndaşın müraciətinə baxılıb. 9 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.