CƏMİYYƏT
Muzeydə “Könüllülük Vətənə xidmətdir” mövzusunda tədbir
Bakı, 31 yanvar, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyası “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının təşəbbüsü ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Könüllülük Vətənə xidmətdir” mövzusunda tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu müəssisənin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamının əhəmiyyətini vurğulayıb. O, son illər respublikamızda qazanılan nailiyyətlərdən, gənclərin uğurlarından danışıb.
Tədbirdə “2020-ci il - könüllülər ilidir”, “Azərbaycanda gənclər siyasətinə tarixi baxış”, “Azərbaycan gəncliyinin həyatında Leyla Əliyeva fenomeni”, “Azərbaycan gəncliyi, bu günümüz, sabahımız” mövzularında məruzələr dinlənilib.
Milli Aviasiya Akademiyasının III kurs tələbəsi Azər Şükürov və Azərbaycan Dövlət İqtisad Universitetinin III kurs tələbəsi Vüqar Babaşlı könüllülük fəaliyyətindən bəhs ediblər.
Sonra Vətən, torpaq haqqında şeirlər və mahnılar ifa edilib.