DÜNYA
Myanmada baş verən torpaq sürüşməsində ən azı 62 nəfər ölüb
Pekin, 2 iyul, AZƏRTAC
Myanmada nefrit mədənində baş verən torpaq sürüşməsi nəticəsində ən azı 62 nəfər ölüb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Kaçin ştatının Hpakant qəsəbəsi ərazisində yerli vaxtla səhər saat 06:30 radələrində baş verən sürüşmə nəticəsində 200-dən də çox insanın dağıntı altında qaldığı güman olunur. Myanmanın yanğın xidməti departamentinin açıqlamasında indiyədək 62 nəfərin cəsədinin torpaq altından çıxarıldığı bildirilir. Sürüşməyə son günlər yağan şiddətli yağışlar səbəb olub. Hazırda mədəndə axtarış-xilasetmə işləri aparılır.
Qeyd edək ki, nefrit mədənləri ilə zəngin olan Kaçin ştatında, xüsusən də Hpakant bölgəsində ölümlə nəticələnən sürüşmələr tez-tez baş verir. Yerli əhalinin əsas məşğuliyyəti həmin mədənlərdə şaxtaçılıq etməkdir. Bölgədə 2015-ci ildə baş verən sürüşmə nəticəsində 116 nəfər ölmüşdü.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin