ELM VƏ TƏHSİL
NAXÇIVAN MUXTAR RESPUBLİKASI TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI KEÇİRİLMİŞDİR
Naxçıvan Türk Liseyinin akt zalında muxtar respublika təhsil işçilərinin 2006-2007-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar konfransı keçirilmişdir.
Konfransın açılışında Azərbaycanın dövlət himni səsləndirilmiş, ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Muxtar respublikanın təhsil naziri Piri Nağıyev ötən dərs ilinin yekunlarına, qarşıda duran vəzifələrə həsr olunmuş məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, bu il muxtar respublikada 7 yeni məktəb, 4 məktəbdənkənar və bir məktəbəqədər tərbiyə müəssisələri tikilməkdə və əsaslı təmir olunmaqdadır. Məktəblərdə quraşdırılmış 1950 kompyuter dəstindən 72-si artıq internet şəbəkəsinə qoşulmuşdur.
Təhsil naziri onu da bildirmişdir ki, muxtar respublikanın Təhsil Nazirliyi 8 təhsil şöbəsini, birbaşa bu quruma tabe olan 6 məktəbi, o cümlədən gözdən əlil uşaqlar üçün xüsusi ibtidai məktəbi, 224 ümumtəhsil məktəbini, 44 məktəbdənkənar 38 məktəbəqədər tərbiyə müəssisəsini, 1 peşə liseyini və 3 peşə məktəbini əhatə edir.
Muxtar respublikanın ümumtəhsil məktəblərində təhsil alan 60 mindən çox şagirdin təlim-tərbiyəsi ilə 8382 müəllim məşğuldur.
Ali məktəblərə tələbə qəbulundan danışan nazir demişdir ki, 2006-2007-ci tədris ilində muxtar respublikada ümumtəhsil məktəblərini bitirən 4817 məzundan 3099 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd vermişdir. 2007-ci ildə muxtar respublikanın ümumtəhsil məktəblərindən 160 nəfər ali təhsil müəssisələrinə daxil olmuşdur. Bu keçən illə müqayisədə 25 nəfər çoxdur. Ali məktəblərə qəbul olunanlardan 109 nəfəri 500-600, 39 nəfəri 600-650, 12 nəfəri isə 650-700 bal toplamışdır.
Natiq ötən dərs ilində əldə edilmiş uğurlarla yanaşı, nöqsanlara da toxunmuş, təlimin yeni forma və metodlarından lazımınca istifadə etmə yollarından danışmışdır.
Məruzə ətrafında müzakirələrdə yeni dərs ilində qarşıda duran vəzifələrdən danışılmışdır.