İQTİSADİYYAT
NEFT-QAZ SƏNAYESİ SAHƏSİNDƏ AZƏRBAYCANLA MACARISTAN ARASINDA ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev martın 7-də Macarıstan Respublikasının Azərbaycandakı səfiri İştvan Szabon ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında neft-qaz sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması prosesində fəal iştirakı yüksək qiymətləndirilmişdir. Macarıstan səfiri ölkəsinin respublikamızla neft və qaz sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirmiş, Azərbaycanın “Nabuko” kəmərinin istismarında iştirakının mümkünlüyünə dair fikir mübadiləsi aparmışdır. O bildirmişdir ki, rəsmi Budapeşt Azərbaycan, Qazaxıstan və Türkmənstanla neft-qaz idxalı sahəsində əməkdaşlıq üzrə intensiv danışıqlara başlamaq niyyətindədir.
Görüşdə, həmçinin Azərbaycanın sənaye potensialının hazırkı durumu və macar investorlarının bu prosesdə iştirakına dair fikir mübadiləsi aparılmışdır.
Nazir Natiq Əliyev bildirmişdir ki, Azərbaycan Macarıstanla səmərəli əməkdaşlığa hazırdır və bir sıra konkret layihələr ətrafında müzakirələrin aparılmasına real imkanlar var.
Səfir İştvan Szabon sənaye və energetika naziri Natiq Əliyevi Macarıstana səfərə dəvət edərək bildirmişdir ki, rəsmi Budapeşt konkret layihələrlə bağlı ikitərəfli müzakirələrin başlanmasını əhəmiyyətli sayır.
Natiq Əliyevin Budapeştə səfərinin iyunda reallaşdırılması barədə ilkin razılıq əldə olunmuşdur.