MƏDƏNİYYƏT
“NUR Art House” rəsm qalereyasında Azərbaycan və Ukrayna fotoqraflarının əsərləri sərgilənib
Bakı, 9 iyun, AZƏRTAC
Latviya səfirliyinin təşkil etdiyi “Peace be upon you - Salam Aleykum” layihəsi çərçivəsində “NUR Art House” rəsm qalereyasında Azərbaycan və Ukrayna fotoqraflarının əsərlərindən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sülhün qorunması və sülhməramlılıq mövzusuna həsr edilən sərgi bütün dünyada sülhsevər insanların bir araya gəlməsinə yönəlib.
Layihə haqqında məlumat verən Latviyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Viya Buşa bildirib ki, layihə bədii və ADA Universitetində keçiriləcək “Azərbaycanın Avro-Atlantik Sülh və Təhlükəsizliyə töhfəsi” mövzusunda beynəlxalq konfransdan ibarətdir.
Bədii hissədə Azərbaycanın Əfqanıstanda sülhün qorunması istiqamətində atdığı addımlara nəzər yetirən rəssam və rejissorların sülh mövzusunda çəkdikləri fotoşəkil və filmlərin nümayişini nəzərdə tutur. “Layihəni yaratmaqla biz, həmçinin Əfqanıstan müharibə veteranlarına hörmətimizi nümayiş etdiririk”, - deyə V.Buşa vurğulayıb.
Tədbirdə əsərləri sərgilənən fotorəssam Əqdəs Bağırzadə sülhə olan münasibətindən danışıb. Bildirib ki, o, müharibədə gedən döyüşləri deyil, daha çox müharibədən əziyyət çəkən insanların acısını ictimaiyyətə çatdırmağa çalışıb: “Mən 2000-ci illərdə Tərtər şəhərində olarkən kiçik bir reportaj hazırladım. Orada əli silahlı əsgərləri deyil, məcburi köçkünlərin yaşadıqları şəraiti kadra almağa çalışdım. Orada dağıntılar arasında avtomat gilizləri ilə oynayan uşaqları gördüm, sığınacaq almış, hasardan boylanan öz dədə-baba yurdundan didərgin düşmüş insanların necə həssas bir durumda yaşadıqlarının şahidi oldum. Mən orada olarkən bir daha müharibənin nə olduğunu anladım və bu, mənim müharibəyə qarşı baxışımı tamamilə dəyişdirdi. Yaxınlıqda yarı dağıdılmış bir evə daxil olanda insanların vəziyyəti, yeni doğulmuş körpənin gələcək taleyi məni çox təsirləndirdi və mən həmən uşağın yalın ayaqlarını çəkdim”.
Sərgidə ukraynalı hərbi fotomüxbir, “Ukraynanın səsi” qəzetinin əməkdaşı Aleksandr Klimenkonun da əsərləri nümayiş olunub.