CƏMİYYƏT
Nardaran qəsəbəsində odlu silah-sursat gizlədən şəxs saxlanılıb VİDEO
Bakı, 30 yanvar, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nardaran qəsəbə sakini İntiqam Vəliyevdə odlu silah olması barədə bölməyə əməliyyat məlumatı daxil olub. Həmin şəxs polislər tərəfindən saxlanılıb. O, profilaktik söhbətlər zamanı qəsəbə ərazisində gizlətdiyi sursatın yeri barədə məlumat verib. Əraziyə baxış keçirilib və İ.Vəliyev tərəfindən torpağa basdırılan 27 ədəd avtomat gülləsi, F-1 qumbarası və alışqanı, iki bıçaq, 12 kalibrli ov tüfənginə məxsus güllə aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 42-ci polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat və partlayıcı maddələr hüququ-mühafizə orqanlarına könüllü təhvil verilməlidir.