CƏMİYYƏT
“Nardaran və nardaranlılar” adlı kitab nəşr olunub
Bakı, 30 yanvar, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) "Nardaran və nardaranlılar” adlı kitab nəşr etdirib. Dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən çap edilən kitabın müəllifi Dövlət Komitəsinin əməkdaşı Orxan Maşayevdir.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kitabda Bakının ən qədim kəndlərindən olan Nardaranın Azərbaycan mədəniyyətinə, elminə bəxş etdiyi bir çox görkəmli şəxsiyyətlərdən, dəyərli alimlərdən, o cümlədən tarixçilərdən, şair və yazıçılardan, din xadimlərindən, sənətçilərdən bəhs olunur. Nardaran və nardaranlılar barədə məlumat toplusu olan nəşr ensiklopedik xarakter daşıyır. Kitab oxucuya bu kəndin yetirməsi olan görkəmli şəxsiyyətlərin yaşayıb yaratdığı dövrün ab-havasını, ruhunu hiss etmək, həyat və yaradıcılığı ilə tanış olmaq imkanı yaradır.
Nəşr, həmçinin oxuculara Nardaranın qədim tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmağa imkan verir.