REGİONLAR
Narkomaniyaya qarşı mübarizə sağlam həyat üçün təminat yaradır
Masallı, 25 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 25-də Masallı şəhərindəki Gənclər Mərkəzində Rayon Gənclər və İdman İdarəsi, təhsil şöbəsi və rayon mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə 26 iyun-Narkomaniyaya Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Sağlam, narkotiksiz həyatı seç!” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyini bildirib.
Qeyd olunub ki, bu gün dünyanı narahat edən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Narkomaniyaya qarşı mübarizə sağlam həyat üçün təminat yaradır.
Dəyirmi masada rayon təhsil şöbəsinin metodisti Əyyar Burhanov, rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin müdiri Rasim Əzizov çıxış edərək Azərbaycanda narkomaniyaya qarşı mübarizə sahəsində ardıcıl iş aparıldığını bildiriblər. Diqqətə çatdırılıb ki, ölkəmizdə əsrin bəlasına qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallıq göstərirlər.
Diskussiya şəkilində davam edən tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı bukletlər paylanılıb.