CƏMİYYƏT
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının İşçi qrupundan bildiriblər.
Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə fevralın 16-da keçirilmiş iclasda Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində 2020-ci ildə görülən işlər, əldə edilən nəticələr, qarşıda duran vəzifələr müzakirə olunub.
Komissiyanın sədri qarşıda duran vəzifələrin icrası, o cümlədən ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, qanunvericilik aktlarının təkmilləşdirilməsi, bu sahələr üzrə nəzarətin, müvafiq mövzuda təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin gücləndirilməsinə dair tapşırıqlar verib.