CƏMİYYƏT
Narkomanlığın yayılmasının qarşısını almaq üçün “Qaynar xətt” rabitə əlaqəsi yaradılacaq
Bakı, 13 fevral, AZƏRTAC
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi, təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti nazirlik, komitə və təşkilatlarla operativ qaydada əlaqələndirməni təmin etmək üçün “Qaynar xətt” rabitə əlaqəsinin yaradılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üçün İş Planı”nda əksini tapıb.
Sənədə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onların sui-istifadəsi ilə əlaqədar mübarizə tədbirlərini daha da gücləndirmək məqsədilə aidiyyəti qurumların qarşılıqlı fəaliyyəti təmin edilməlidir.
Bundan başqa, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının internet saytının təkmilləşdirilməsi, mobil versiyasının hazırlanması, sosial şəbəkələrdə yeni səhifələrin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Dövlət Komissiyasının İşçi Qrupuna tapşırılıb.
İş Planında, həmçinin Dövlət Komissiyasının İşçi Qrupunun narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair illik milli hesabatı hazırlaması nəzərdə tutulur.