CƏMİYYƏT
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki sakinləri saxlanılıblar
Bakı, 6 noyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri A.Əliyev və R.Adilov saxlanılıb. Şəxsi axtarış zamanı onlardan marixuana aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə A.Əliyevə və R.Adilova narkotik vasitəni satmaqda şübhəli bilinən Şəki şəhər sakini V.Mahmudov da müəyyənləşdirilərək saxlanılıb və şəxsi axtarış zamanı ondan da marixuana götürülüb.
V.Mahmudova narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Q.Şirinov da polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evə baxış zamanı isə oradan marixuana və elektron tərəzi aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.