REGİONLAR


Naxçıvan: 2018-ci ilin quruculuq ərməğanları FOTOREPORTAJ

Naxçıvan, 22 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un hər il hazırladığı investisiya reytinqində 2017-ci və 2018-ci illərin qalibi olan Naxçıvan Muxtar Respublikasında ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu istiqamətdə muxtar respublikada 2018-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 17 milyon 79 min manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Vəsait qoyuluşlarının 947 milyon 798 min manatı və ya 93,2 faizi tikinti-quraşdırma işlərində istifadə edilib.

2018-ci ildə muxtar respublikada 212 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 107 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib. Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq, 2018-ci ildə 7 kənd mərkəzi istifadəyə verilib, 7 kənd mərkəzində isə tikinti işləri aparılır.

Muxtar respublikada 1 yaşayış binasının tikintisi, 16 yaşayış binasının yenidən qurulması başa çatdırılıb, 7 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması davam etdirilib.

2018-ci ildə yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə muxtar respublikaya 2 kommunal təyinatlı avtomobil və 490 konteyner gətirilib.

Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsi, Şahbuz şəhərində təmizləyici qurğular sistemi, Babək rayonunun Şəkərabad kəndində içməli su təchizatı və kanalizasiya sistemi, Şərur rayonunun Yengicə kəndində içməli su təchizatı sistemi istifadəyə verilib.

Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi həyata keçirilib.

Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. 2018-ci ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 378 min 400 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da 2017-ci ildəki göstəricidən çoxdur.

AZƏRTAC-ın Naxçıvan bürosu 2018-ci ilin quruculuq ərməğanlarından bəzilərinin fotolarını təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.