REGİONLAR
Naxçıvan idmançıları ötən ay yarışlarda 13 medal qazanıblar
Naxçıvan, 7 avqust, AZƏRTAC
Ötən ay muxtar respublika idmançıları yüksək nəticələr əldə edərək ölkə birinciliyində 3, beynəlxalq turnirdə 10 medal olmaqla, ümumilikdə, 13 medal qazanıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirlik tərəfindən iyul ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual səviyyələrinin artırılması, dünyagörüşünün formalaşdırılması və idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülüb.
Hesabat ayında Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Dövlət Universiteti, Müəllimlər İnstitutu, “Naxçıvan” Universiteti tələbələrinin və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə “Yay məktəbi” təşkil olunub, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar gənclər arasında fərdi “Xəmsə” intellektual oyunu, sağlamlıq imkanları məhdud uşaqlar arasında “Yurdumuzu tanıyaq” adlı əyləncəli bilik yarışması keçirilib. 22 İyul - Milli Mətbuat Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin gənc əməkdaşları ilə görüş və onların mükafatlandırılması mərasimi təşkil olunub.
Ötən ay idman sahəsində kütləviliyin təmin olunması üçün bir sıra birinciliklər, yoldaşlıq görüşləri keçirilib, idmançılarımızın ölkə və beynəlxalq turnirlərdə iştirakı təmin edilib.