REGİONLAR
Naxçıvanda yanvar-iyun aylarında 47 milyon 165 mindən çox sərnişin daşınıb
Naxçıvan, 24 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 7 milyon 562 min ton yük, 47 milyon 165 min 400 sərnişin daşınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bu ilin yanvar-iyun aylarında Şərur rayonunda Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir, Ordubad rayonunda Xanağa-Ağrı-Dizə-Vənənd kənd və Darkənd avtomobil yollarının və Culfa şəhərində avtomobil yolunun yenidən qurulması başa çatdırılıb.
Naxçıvan şəhərində avtomobil yolunun, Culfa-Ordubad magistral avtomobil yolunun, Şərur rayonunda Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yolunun, Şərur şəhərinə giriş, Qaraburc, Təzəkənd və Şəhriyar, Babək rayonunun Nəcəfəlidizə, Ordubad rayonunun Nüsnüs və Culfa rayonunun Camaldın kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması başa çatdırılıb. Hazırda Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın tikintisi, alçaq sərnişin platformasının və dartı yarımstansiyası binasının, Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilir.
Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilir.
Muxtar respublikada əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan şəhərində 6 yeni avtobus marşruta buraxılıb, Naxçıvan-Babək şəhər marşrut xətti açılıb.