REGİONLAR
Naxçıvanlı məktəbli beynəlxalq müsabiqənin diplomuna layiq görülüb
Naxçıvan, 12 fevral, AZƏRTAC
Moskvada keçirilən məktəblilərin “Elmə start” VIII beynəlxalq elmi-tədqiqat və yaradıcılıq müsabiqəsinin birinci mərhələsinə yekun vurulub.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqədə iştirak edən Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Nuray Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının minerallığının təyini” adlı layihəsi diploma layiq görülüb.
Müsabiqənin münsiflər heyəti tərəfindən Nuray Məmmədova III dərəcəli qalib diplomu, elmi rəhbəri, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova isə tələbələrin tədqiqat və yaradıcılıq fəaliyyətinin təşkili və aparılması sahəsində peşə fəaliyyətinin nəticələrini tətbiq etmələrinə kömək göstərdiyinə görə “Yenilikçi pedaqoji işi” sertifikatı ilə təltif olunub.
Fizzə Məmmədova və Nuray Məmmədova bu il martın 1-3-də Moskva şəhərində keçiriləcək məktəblilərin “Elmə start” VIII beynəlxalq elmi-tədqiqat və yaradıcılıq müsabiqəsinin ikinci mərhələsində iştirak etmək üçün dəvət alıblar. Müsabiqənin ikinci mərhələsində məktəblilər təqdim etdikləri layihələrin təcrübi hissəsini əyani şəkildə nümayiş etdirəcəklər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində elmə marağı olan 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb ediliblər.