REGİONLAR
Naxçıvantəpədə arxeoloji qazıntılar davam edir
Naxçıvan, 6 iyul, AZƏRTAC
Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvantəpə qədim yaşayış yerində arxeoloji qazıntılara bu ilin iyun ayından yenidən başlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, arxeoloji qazıntılar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tövsiyəsi ilə AMEA Naxçıvan Bölməsində yaradılan yerli arxeoloji ekspedisiya tərəfindən davam etdirilir.
Naxçıvantəpə yaşayış yerinin tədqiqi olduqca əhəmiyyətli nəticələr verir. Tədqiqatlar zamanı Naxçıvan şəhəri ərazisində eramızdan əvvəl VI minillikdən başlayaraq məskunlaşma olduğu müəyyən edilib. Həmçinin indiyədək Cənubi Qafqaz və Azərbaycanda məlum olmayan, dünya alimlərinin marağına səbəb olan Dalmatəpə mədəniyyəti aşkarlanıb.
Yaşayış yerində aparılan araşdırmalar zamanı basmanaxışlı keramika ilə xarakterizə olunan Qarabağın Neolit mədəniyyətinin Dalmatəpə mədəniyyətinin formalaşmasında mühüm rol oynadığı müəyyənləşib. Həmçinin Naxçıvan, Qarabağ, Zəngəzur və Urmiya hövzəsinin Azərbaycanda formalaşan mədəniyyətlərin arealına daxil olduğu, Zəngəzur və Göyçə obsidianının başlıca olaraq Naxçıvan, Qarabağ və Urmiya hövzəsinin sakinləri tərəfindən istifadə olunduğu təsdiq edilib. Tədqiqat işləri zamanı yarımqazma tipli evin qalıqları, basmanaxışlı və boyalı keramika nümunələri aşkar olunub. Naxçıvantəpə yaşayış yerində aşkar olunan arxeoloji tapıntılar Naxçıvan şəhərinin hələ qədim zamanlardan Azərbaycanın tərkibində yer aldığını və Azərbaycanda yayılan mədəniyyətlərin əsas mərkəzi olduğunu təsdiq edir.
Qeyd edək ki, Naxçıvan şəhəri ərazisində məskunlaşma tarixinin öyrənilməsi üçün əhəmiyyətli olan bu abidənin tədqiqinə 2017-ci ildən başlanılmış, lakin pandemiya ilə əlaqədar tədqiqat işləri yarımçıq qalmışdı.