SİYASƏT


Nazir: Ermənistan münaqişənin dinc yolla nizamlanması prosesinin aktivləşdirilməsinə mane olmaq üçün əlindən gələni edir

Bakı, 12 may, AZƏRTAC

Ermənistan rəhbərliyinin son açıqlamaları göstərir ki, Ermənistan tərəfi münaqişənin dinc yolla nizamlanması prosesinin aktivləşdirilməsinə mane olmaq üçün əlindən gələni edir və bununla da regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov mayın 12-də MDB Xarici İşlər Nazirləri Şurasının videokonfrans şəklində keçirilmiş iclasında bildirib.

Nazir deyib: “Bu gün dünyada hökm sürən reallıqlar sabitlik və təhlükəsizlik üçün yeni çağırışlara və təhdidlərə qarşı bütün dövlətlərin səmərəli qarşılıqlı fəaliyyətini və səylərinin əlaqələndirilməsini tələb edir. Lakin Birlik məkanında mövcud olan həll olunmamış münaqişələr, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Birlik daxilindəki inteqrasiya potensialını tam və effektiv şəkildə reallaşdırmağa imkan vermir və MDB-yə üzv olan dövlətlərin yeni çağırışlara və təhdidlərə qarşı daha sıx qarşılıqlı fəaliyyətinə əsas maneədir”.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinə sadiqdir. Bununla yanaşı, danışıqlar əbədi davam edə bilməz və danışıqlar güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etdirilməsinə və saxlanılmasına xidmət etməməlidir. Bir daha xatırlatmaq istərdim ki, BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, Paris Xartiyası və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində qeyd olunduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bütün vasitələrlə ərazi bütövlüyünü bərpa etmək hüququ vardır. Münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına əsaslanan tezliklə həlli, şübhəsiz ki, bölgədə regional və beynəlxalq təhlükəsizliyin, sosial tərəqqinin və regionda iqtisadi əməkdaşlığın möhkəmlənməsinə kömək edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.