ELM VƏ TƏHSİL
Nazir: Tədrisin başqa dillərdə aparıldığı siniflərdə Azərbaycan dili fənninin saatlarının artırılması nəzərdə tutulur
Bakı, 21 sentyabr, AZƏRTAC
Bu il Azərbaycan dilində tədris edilən fənlərin sayının artırılması, tədrisin başqa dillərdə aparıldığı siniflərdə Azərbaycan dili fənninin tədrisinin saatlarının artırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransında söyləyib. Nazir qeyd edib ki, bəzi hallarda imtahanlarda Azərbaycan dilindən yetərli bal toplamayan gənclər də olub. On bir il Azərbaycan məktəbində oxuyub, Azərbaycan dili dövlət dili imtahanından qeyri-kafi qiymət almaq və minimum balı toplamamaq yaxşı hal deyil. Bunu bütün məktəblər nəzarətində saxlamalıdır. Məktəblərdə Azərbaycan dilinin tədrisinə və bu dildə tədris edilən məzmuna xüsusi diqqət yetirilməlidir. Bu mənada “Zəfər tarixi” üzrə kursun bütün məktəblərdə yalnız Azərbaycan dilində tədris edilməsi qərarına gəlinib.