CƏMİYYƏT
“Nə? Harada? Nə vaxt?” oyunu üzrə “Atəşgah” klubunun Açıq Kubok oyunları keçirilmişdir
Bakı, 1 may (AZƏRTAC). Gənclər arasında “Nə? Harada? Nə vaxt?” oyunu üzrə “Atəşgah” klubunun Açıq Kubok oyunları keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarışda respublika paytaxtının müxtəlif məktəblərinin şagirdlərindən ibarət 20-dən çox komanda iştirak etmişdir.
Turnir Azərbaycan İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə “Atəşgah” İntellektual Oyunlar Klubu ictimai birliyi tərəfindən təşkil edilmiş və keçirilmişdir.
“Atəşgah” İntellektual Oyunlar Klubunun prezidenti İlkin Yetirmişli turnirin açılışında çıxış edərək bütün komandalara uğurlar arzulamışdır.
Kamal Həsənov və Babək Zakirzadə tərəfindən tərtib edilmiş suallar paketinə 48 sual (hərəsi 12 sualdan ibarət olmaqla 4 tur üçün) daxil idi. 34 suala düzgün cavab vermiş “YUSA” komandası birinci yeri, 27 suala düzgün cavab vermiş “Challenger” komandası ikinci, 23 suala düzgün cavab vermiş “Paradox” komandası isə üçüncü yeri tutmuşdur. Yarışmanın mükafatçıları kubok, diplomlar və xatirə hədiyyələri ilə təltif edilmişlər.
Kubokun qalibi mayın 10-12-də Belarusun Qomel şəhərində keçiriləcək Gənclər arasında intellektual oyunlar üzrə Avropa kubokunda ölkəmizi təmsil edəcəkdir.