SİYASƏT
Necdet Ünüvar: Bu medalın təsis olunması və bizlərə təqdim edilməsi üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm
İstanbul, 23 sentyabr, AZƏRTAC
Bu mənim üçün çox qürurverici bir hadisədir. Medalın təsis olunması və bizlərə təqdim edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının varislərinə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalının təqdim edilməsi mərasimində Türkiyə Respublikasının Prezident Administrasiyasının Sağlamlıq və Qida Siyasəti bölümünün İdarə Heyətinin üzvü, professor Necdet Ünüvar bildirib.
O, deyib: “Mən yeddi il Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri olmuşam və bu vəzifəni qürurla icra etmişəm. Türkiyə və Azərbaycan arasında həqiqətən çox dərin tarixi və mədəni bağlar, eləcə də olduqca vacib iqtisadi körpülər var. Amma bu iki dövlət arasında ən vacib olan qardaşlıq körpüsüdür. Türkiyə-Azərbaycan münasibətləri əcdadlarımızın bizə əmanət etdiyi köklü adət-ənənələrə bağlıdır. Hazırda bu münasibətlər hər iki ölkə liderlərinin birgə səyləri nəticəsində ən yüksək səviyyədə inkişaf etdirilir. Bizim də istəyimiz bu münasibətlərin sonsuza qədər ən yüksək səviyyədə davam etdirilməsidir”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul