Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Neft İxrac edən Ölkələr Təşkilatının baş katibi Məhəmməd Sanusi Barkindodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) bütün üzv ölkələri adından ürəkdən təbrik edirəm. Seçicilərin böyük əksəriyyətinin Sizə səs verməsi ölkənizin rəhbəri kimi Sizin vacib rol oynadığınızı bir daha təsdiq etdi. Əminik ki, Siz Azərbaycanın tərəqqisi, rifahı və sabitliyi istiqamətində yorulmaz fəaliyyətinizi uğurla davam etdirəcəksiniz.

Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, 2016-cı ildə “Əməkdaşlıq Bəyannaməsi”nin qəbul edilməsində Azərbaycanın fəal və konstruktiv rolu danılmazdır. Azərbaycanın və digər neft ixrac edən ölkələrin nümayiş etdirdiyi dəstək və həmrəylik bu gün dünya neft bazarında sabitliyin bərpa edilməsində əhəmiyyətli rol oynamışdır. Fürsətdən istifadə edərək, bu prosesin uğurla həyata keçirilməsində davamlı dəstəyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz dünya enerji məsələləri üçün əhəmiyyətli bir dönəmə təsadüf edir və neft ixrac edən ölkələrin birgə səylərinin daha da möhkəmləndirilməsi və həyata keçirilməsi istiqamətində Sizin aparıcı rolunuzu davamlı edir. Bu il martın 18-19-da ölkənizdə səfərdə olarkən mənə və Neft İxrac edən Ölkələr Təşkilatının nümayəndə heyətinə göstərdiyiniz səmimi qonaqpərvərliyi məmnunluqla xatırlayırıq. Azərbaycanda Sizinlə apardığımız müzakirələr çox məhsuldar və əhatəli olmaqla yanaşı, həm də geniş imkanlar vəd edir. Beləliklə, Neft İxrac edən Ölkələr Təşkilatının üzv ölkələri olaraq gələcəkdə də Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün mümkün yeni perspektivləri araşdırmaq niyyətindəyik.

Zati-aliləri, Sizi bir daha səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Dərin hörmət və ehtiramla,

 

Məhəmməd Sanusi Barkindo

Neft İxrac edən Ölkələr Təşkilatının baş katibi

Avstriya, Vyana şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin