İQTİSADİYYAT
Neft-kimya sektorunda 2030-cu ilədək əlavə 56 milyard kubmetr qaz istehlak olunacaq
Bakı, 5 oktyabr, Nihad Budaqov, AZƏRTAC
2030-cu ilə qədər neft-kimya sektorunda əlavə 56 milyard kubmetr təbii qaz istehlak ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb. Bildirilir ki, bu göstərici hazırda Kanadanın ümumi qaz istehlakının təxminən yarısına bərabərdir.
Məlumata əsasən, hazırda sektorda neft ümumi tələbatın 14 faizini (gündəlik 13 milyon barrel), təbii qaz isə 8 faizini (300 milyard kubmetr) təşkil edir: “Eyni zamanda, hazırkı neft tələbatının əsas mənbələri - xüsusilə də sərnişindaşıma nəqliyyatı, artan ictimai nəqliyyat, alternativ yanacaqlar və elektrikləşdirmə kombinasiyası daha yaxşı yanacaq iqtisadiyyatının birləşməsi sayəsində öz əhəmiyyətini itirir. Potensial əlavələrə gəldikdə isə yaxın illərdə Çin və ABŞ kimi ölkələr əsas rol oynayacaq, o cümlədən Asiya və Yaxın Şərqdə uzunmüddətli artım müşahidə olunacaq. Yaxın Şərqlə yanaşı, ABŞ-ın bol təbii qaz mənbələri ilə əlaqədar aşağı qiymətli etan əldə etmək üstünlüyü var. Bu üstünlük hər iki bölgədə qısa və orta müddətdə etan əsaslı kimyəvi məhsul ixracının həyata keçirilməsinə imkan yaradır”.
IEA uzunmüddətli perspektivdə Asiya və Yaxın Şərqdə yüksək qiymətli kimyəvi məhsulların bazar payının 10 faiz artıracağını, Avropa və ABŞ-da isə payların azalacağı proqnozlaşdırır. 2050-ci ilə qədər Hindistan, Cənub-Şərqi Asiya və Yaxın Şərqdə qlobal ammonyak istehsalının təxminən 30 faizi həyata keçiriləcək.