ELM VƏ TƏHSİL
Neft və Qaz İnstitutu Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu ilə əməkdaşlığa başlayır
Bakı, 7 iyul, AZƏRTAC
AMEA-nın Neft və Qaz İnstitutu ilə Azərbaycan Milli Aerokosmik Agentliyinin T.İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu (TEKTİ) arasında elmi əməkdaşlığa dair saziş imzalanıb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, sazişə əsasən, kosmik təsvirlər emal olunacaq və elektron xəritələr yaradılacaq, yeni texnologiyalardan istifadə edilməklə birgə elmi-texniki layihələr hazırlanacaq. Eyni zamanda, dəniz akvatoriyasında neft-qaz hasilatının ətraf mühitə təsirinin qiymətləndirilməsi, koqnitiv metodikanın işlənilməsi istiqamətləri üzrə elmi əlaqələrin qurulması nəzərdə tutulur. Abşeron yarımadasında neftlə çirklənmiş sahələrin aerokosmik monitorinqi və bu ərazilərin radioloji monitorinqinin aparılması, peyk məlumatları əsasında sahilyanı zona və dəniz akvatoriyasının müxtəlif tullantılarla çirklənmiş ərazilərinin yayılma dinamikasının modelləşdirilməsi və xəritələrin qurulması da sənəddə əksini tapıb.
Saziş TEKTİ-nin direktoru Fəxrəddin Ağayev və Neft və Qaz İnstitutunun direktoru, akademik Fəxrəddin Qədirov tərəfindən imzalanıb.