REGİONLAR
Neftçala şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada əsaslı təmir işlərinin 70 faizi görülüb
Neftçala, 4 dekabr, Mahir Babayev, AZƏRTAC
Təhsil Nazirliyi tərəfindən Neftçala şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada aparılan əsaslı təmir və tikinti işlərinin 70 faizi görülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1960-cı ildə istifadəyə verilən təhsil müəssisəsində 58 il ərzində təmir işləri aparılmayıb. Bu da məktəbdə təhsilin yüksək səviyyədə təşkilində müəyyən çətinliklər yaradır, təhsil islahatı ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə mənfi təsir göstərirdi. Təhsil ocağında yaranmış çətinlik nəzərə alınaraq ötən ilin axırlarında məktəbdə əsaslı təmir işlərinə başlanılıb.
Altı korpus və iki keçiddən ibarət olan təhsil ocağında artıq tədris korpusunun birində, idman zalı, yeməkxana və yataqxanada əsaslı təmir işləri və 70 nəfərlik ikinci yataqxana binasının tikintisi başa çatdırılıb. Hazırda ikinci tədris korpusunda təmir işləri və məktəbin ərazisində yeni stadionun tikintisi aparılır.
Təmir zamanı müəssisənin su, qaz, elektrik xətləri, binaların dam örtüyü, qapı və pəncərələri yenilənib, isitmə və havalandırma sistemi qurulub, sinif otaqları, fənn kabinetləri, idman zalı, yeməkxana, yataqxana, dəhliz və digər yardımçı otaqlar demək olar ki, yenidən tikilib. Hazır binalar yeni invental və avadanlıqlarla təchiz olunub. Təhsil ocağında işlərin yeni dərs ilinə kini tam başa çatdırılması nəzərdə tutulub.