CƏMİYYƏT
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
Bakı, 15 fevral, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə birgə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış ayrı-ayrı ailə təsərrüfatlarına baxış keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, Sahil Babayev proqram iştirakçıları ilə görüşündə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına imkan yaratdığını vurğulayıb.
Nazir bildirib ki, ötən il əhatə dairəsi 6,5 dəfə genişləndirilməklə 7,3 minədək şəxsin cəlb edildiyi proqram üzrə bu il də 7-8 min ailənin kiçik ailə təsərrüfatının yaradılması nəzərdə tutulur. S.Babayev proqram iştirakçılarının onlara yaradılmış bu imkandan düzgün və səmərəli istifadə edərək qısa müddətdə öz təsərrüfatlarını genişləndirəcəklərinə əminliyini ifadə edib.
Baxış zamanı proqram çərçivəsində qurulmuş təsərrüfatların normal şəkildə idarə edildiyi, proqram iştirakçılarının öz yeni yaradılmış təsərrüfatlarını inkişaf etdirmək üçün səylə çalışdıqları müşahidə edilib.
Özünüməşğulluq proqramının iştirakçıları aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, onlara sahibkarlığa çıxış imkanı yaradılması üçün aparılan işlərə, bu sahədə xüsusi önəm kəsb edən özünüməşğulluq proqramının həyata keçirildiyinə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ötən il Neftçala rayonunda əvvəlki illə müqayisədə 7 dəfə çox olmaqla 91 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilib. Həmin şəxslərdən 89 nəfəri biznes-planlarını uğurla müdafiə edərək proqramın iştirakçısı olub. Onlardan artıq 63 nəfərə proqram əsasında mal və materiallar verilib. Qalan şəxslərin də mal və materiallarla təminatı davam edir. Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların böyük əksəriyyəti heyvandarlıq, qalan hissəsi isə xidmət sahələri üzrədir.