REGİONLAR
Neftçalada yaşı 65–dən yuxarı 5143 vətəndaşın peyvənd olunması nəzərdə tutulub
Neftçala, 13 fevral, Mahir Babayev, AZƏRTAC
Neftçala rayonunda COVID-19 infeksiyasına qarşı vaksinasiyanın növbəti mərhələsi davam edir və bu günə kimi yaşı 65 və ondan yuxarı olan 227 nəfər peyvənd olunub.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə rayonda yaşı 65-dən yuxarı olan 5143 vətəndaşın peyvənd olunması nəzərdə tutulub. Vaksinasiyanı müvəffəqiyyətlə başa çatdırmaq üçün rayon mərkəzi xəstəxanasında yaradılan peyvənd otaqları Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) təlimatına uyğun qurulub. Vaksinasiya zamanı yarana biləcək sıxlığın və digər çətinliklərin aradan qaldırılması üçün qeydiyyat prosesi onlayn qaydada keçirilir. Həmçinin vətəndaşların razılığı olduğu halda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə onların onlayn qeydiyyatdan keçməsinə köməklik göstərilir. Vaksinasiyanın müəyyən edilmiş vaxtda başa çatdırılması üçün əhali arasında geniş təbliğat işi aparılır və ictimai yerlərdə maarifləndirmə plakatları asılır, digər işlər görülür.