DÜNYA
Nelson Mandela vəfat etmişdir VİDEO
Bakı, 6 dekabr (AZƏRTAC). Cənubi Afrika Respublikasından (CAR) kədərli xəbər alınmışdır: ölkənin ilk qaradərili prezidenti, Nobel Sülh Mükafatı laureatı Nelson Mandella həyatının 96-cı ilində burada vəfat etmişdir. Bu barədə CAR-ın indiki dövlət başçısı Ceykob Zuma məlumat vermişdir.
BMT-nin baş katibi Pan Gi Mun bu hadisə ilə əlaqədar dərin hüznlə başsağlığı vermişdir. Baş katib bu beynəlxalq təşkilatın mənzil-qərargahında jurnalistlər qarşısında çıxış edər demişdir: “Birləşmiş Millətlər Təşkilatının dəyərləri və amalları naminə ondan artıq iş görən bir insan yoxdur”.
Nelson Mandela 1994-cü ilin may ayından 1999-cu ilin iyun ayına qədər bu dövlətə rəhbərlik etmişdir. Onu bu vəzifəyə gətirən və CAR-ın qaradərili əhalisini irqçilik rejimindən xilas edən yol uzun və mürəkkəb olmuşdur. Bu rejimə qarşı mübarizə aparan Mandela üst-üstə 27 il həbsxanada qalmışdır.
1993-cü ildə Mandela və CAR Prezidenti Frederik de Klerk irqçilik rejiminə son qoymaq üçün hərəsi özünəməxsus tərzdə maksimum səy göstərdiyinə görə, Nobel Sülh Mükafatına layiq görmüşdür. Artıq növbəti ildə isə Mandella özü CAR-ın rəhbəri olur.
Onun prezident olduğu dövrdə ölkənin yeni Konstitusiyası işlənib hazırlanmış və qəbul edilmişdir. Bu sənəd Cənubi Afrikanın bütün sakinlərinə bərabər hüquqlar verirdi.
1999-cu ildə öz siyasi karyerasını bitirmiş Mandela, sadəcə olaraq, yeni müddətə prezident vəzifəsinə öz namizədliyini irəli sürməmişdir.
2011-ci ildə “Reputation İnstitute” şirkəti dünyanın qüsursuz nüfuz sahibləri sayılan liderlərin siyahısını tərtib etmişdir. Dünyanın 25 ölkəsində 50 mindən çox insanın iştirakı ilə aparılmış tədqiqatın nəticəsi olan siyahıda Nelson Mandela birinci yeri tutmuşdur.