İQTİSADİYYAT
“Nəqliyyat Agentləri” könüllülük proqramı təltif edilib
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 1-9-da “Azərbaycan könüllülük həftəsi” çərçivəsində fəal iştirakçılığa görə Bakı Nəqliyyat Agentliyinin (BNA) “Nəqliyyat Agentləri” könüllülük proqramı təltif olunub.
BNA-dan AZƏRTAC-a bildirilib ki, könüllülük həftəsi çərçivəsində “BMC” markalı yeni avtobusların Lökbatan sakinlərinə təqdimatı zamanı və IDEA İctimai Birliyinin “IDEA Heyvanlara Qayğı Mərkəzi”nə tanışlıq turunda könüllülərimiz 9 nömrəli Xüsusi İnternat Məktəbinin şagirdlərinin vaxtının səmərəli keçirilməsində xüsusi rol oynayıb.
Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində fəaliyyət göstərən könüllülər xüsusi qayğıya ehtiyacı olan sərnişinlərə köməklik göstərib və mərkəzin istifadə qaydaları haqqında sərnişinləri məlumatlandırıblar.
“Könüllülərin II həmrəylik Forumu”, Gənclər təşkilatlarının sərgisi və gənclər üçün təşkil edilən düşərgədə fəal iştirak edilib. Bir nəfər könüllü forumda mükafatlandırılan könüllülər sırasında diplom və qiymətli hədiyyə ilə təltif olunub.
“AvtoFM 107.7” radiosunun canlı efirində ictimai iştirakçılıq və “Azərbaycan könüllülük həftəsi” mövzusunda 3 könüllü mövzu üzrə danışaraq verilən sualları cavablandırıb.
“Azərbaycan könüllülük həftəsi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Bakı Nəqliyyat Agentliyinin təşkil etdiyi “Nəqliyyat Agentləri” könüllülük proqramına seçimlərdə 124 nəfər iştirak edib, 60-ı proqrama seçilib, 35-i məzun adını qazanaraq sertifikatla təltif edilib, 7 könüllü isə işlə təmin olunub. Hazırda 30 nəfər könüllü bu və ya digər fəaliyyətlərdə fəal şəkildə iştirak edirlər.