İQTİSADİYYAT


Nəqliyyat vasitələrinin “Bakı Dairəvi-1” yolu ilə hərəkətində dəyişiklik edilib

Bakı, 4 iyun, AZƏRTAC

Nəqliyyat vasitələrinin “Bakı Dairəvi-1” avtomobil yolu ilə müxtəlif istiqamətlərdə (Sumqayıt yolu, “20 Yanvar” dairəsi və “Şamaxı yolu”, həmçinin Abbas Mirzə Şərifzadə küçəsi, Yeni Yasamal və Mənzil İnşaatı Dövlət Agentliyinin yeni inşa etdiyi yaşayış massivləri istiqamətində) fasiləsiz və rahat hərəkətinin təmin olunması məqsədilə sözügedən yolun 6-cı kilometrində, yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri yerləşən ərazidə hərəkətin təşkilində dəyişiklik olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində sözügedən ərazidə yeni geriyə dönmə yeri yaradılıb. Bunun üçün ərazidə yolun hərəkət hissəsi zəruri olan yerlərdə 1 və 2 hərəkət zolağı enində genişləndirilib, zəruri yol nişanları, eyni zamanda, məlumatverici-göstərici lövhələr quraşdırılıb və standartın tələblərinə uyğun üfüqi nişanlama işləri aparılıb.

Bununla da, Yeni Yasamal yaşayış kompleksi və Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində şəhərə daxil olan avtonəqliyyat vasitələrinin uzun məsafə qət edib, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında yerləşən dairədən geri dönmə əməliyyatı yerinə yetirməyə ehtiyac qalmayıb. Artıq “Bakı Dairəvi-1” avtomobil yolunun hər iki istiqaməti ilə hərəkət edən avtonəqliyyat vasitələri yeni yaradılmış yol hissəsindən istifadə edərək qeyd edilən istiqamətlərdə, o cümlədən Badamdar şosesi istiqamətində rahat şəkildə hərəkət edə bilərlər.

Yeni yol hissəsinin yaradılması ilə hərəkətin təşkilində edilən dəyişikliklər nəticəsində sürücülər həm uzun məsafə qət edərək vaxt itkisi ilə üzləşməyəcək, həm də aparılmış yenidənqurma işləri Badamdar şosesi istiqamətində yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.