CƏMİYYƏT
Nərimanov rayonunda törədilmiş qətl hadisəsində şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 10-da saat 16 radələrində Bakı şəhərinin Nərimanov rayonu ərazisində 1984-cü il təvəllüdlü Zeynalov Əli Aydın oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nərimanov Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və cəsədə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalar nəticəsində 2000-ci il təvəllüdlü Rəhimli Elnur Marif oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Əli Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elnur Rəhimli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.