CƏMİYYƏT
Nəsimi rayonunda Qarabağ müharibəsi veteranları və əlillərlə görüş keçirilib
Bakı, 7 avqust, AZƏRTAC
Nəsimi Rayon İcra Hakimiyyətində Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri ilə görüş keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndər Heydər Əliyevin hərbçilərə həmişə diqqət və qayğı ilə yanaşdığını, onların problemlərinin həllinə çalışdığını, müharibə veteranları və şəhid ailələrinə xüsusi diqqət göstərilməsini hamıdan tələb etdiyini deyib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən müharibə veteranları, şəhid ailələrinə göstərilən ehtiram və qayğı gündən-günə artır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən də sosial yardıma ehtiyacı olan vətəndaşların, xüsusilə veteranların, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin maddi, sosial və məişət problemlərinin həllinə böyük diqqət göstərilir.
A.Əsgərov rayondakı ictimai təşkilatlarla əməkdaşlıq edildiyini və veteranların məişət problemlərinin həlli istiqamətində yaxından köməklik göstərildiyini bildirib. O, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi, onun ideyalarının gənclərə aşılanmasında müharibə veteranlarının da böyük rolu olduğunu deyib. İcra başçısı onlara bütün bu işlərdə uğurlar arzulayıb, rayonda keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev xalqımızın, o cümlədən Qarabağ savaşında iştirak etmiş döyüşçülərin qəlbində xoş və unudulmaz xatirələrlə qalmış ümummilli lider Heydər Əliyevin Qarabağ veteranlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. F.Rzaquliyev Prezident İlham Əliyevin veteranlara göstərdiyi qayğını daim hiss etdiklərini bildirərək, bundan sonra da dövlətimizə, millətimizə fayda verməyə çalışacaqlarını qeyd edib.
Görüşdə A.Əsgərova veteranlara, şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi həssas və qayğıkeş münasibətə görə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin İdarə Heyətinin fəxri fərmanı təqdim olunub.
Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayon şöbəsinin sədri İnşallah Babayev də dövlət tərəfindən Qarabağ veteranlarına, əlillərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar. Veteranlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızın azad edilməsinə hər zaman hazır olduqlarını bildirib və dövlətimizin başçısının siyasətini hər zaman dəstəklədiklərini qeyd ediblər.