CƏMİYYƏT
Nəsimi rayonunda velosiped oğurlayan və narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
Bakı, 11 avqust, AZƏRTAC
Nəsimi rayonunda yeni tikilən binaların dəhlizlərində velosipedlər oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Qulu Quliyev küçəsi, 41 və Ceyhun Səlimov küçəsi, 7 ünvanlarında ümumi dəyəri 1220 manat olan iki velosiped oğurlayan paytaxt sakini Ayhan İsayev tutulub.
O, ifadəsində oğurladığı velosipedləri dəyər-dəyməzinə satdığını etiraf edib.
Nəsimi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Məmmədov yaxalanıb. Onun əlindəki kağız torbaya baxış zamanı kibrit qutularının içərisində satış üçün qablaşdırılan 15 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Azər” adlı tanışından 700 manata aldığını bildirib.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.